Fransa çempionu PSJ komandanın braziliyalı superulduzu, hücumçu Neymarla bu yay yollarını ayırmağa hazırdır.
Arena.az bu barədə “Relevo”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Fransa nəhəngi cari yay transfer pəncərəsində ulduz futbolçusunu satmağa hazırdır. Luis Enrikenin rəhbərlik etdiyi məşqçilər qərargahının Neymarın mümkün gedişinə mane olmayacağı vurğulanır.
Daha əvvəl Neymarın “Barselona”ya mümkün keçidi haqda məlumat yayılmışdı. Hazırda Kataloniya klubunun maddi vəziyyətinin qənaətbəxş olmaması səbəbindən Neymarın “Barselona”ya qayıtması ehtimalı çox azdır.
Hazırda Neymarın karyerasını davam etdirmək üçün üç variantı var: İngiltərə Premyer Liqası, ABŞ MLS-i və Səudiyyə Ərəbistanı Peşəkar Liqası.
Səudiyyə Ərəbistanından hər hansı kluba keçid Neymar üçün ən az cəlbedicidir. Braziliyalı ulduzun karyerasını MLS-də davam etdirmək seçimi daha üstündür.
Neymarın qərarında əsas amil PSJ-nin fəal azarkeşlərinin ona qarşı münasibəti olub.
Neymarın PSJ ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə aldığı mütəmadi zədələrə rəğmən, Neymar PSJ-nin heyətində 29 oyuna çıxıb. O, 18 qol vurub, 17 məhsuldar ötürmə verib və parislilərlə Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı 31 yaşlı Neymarı 60 milyon avro məbləğində qiymətləndirir.


