PSJ “qızıl dubl”a imza atdı – Video

Bu gün futbol üzrə Fransa Kubokunun 2023/2024 mövsümünün finalı çərçivəsində “Olimpik” (Lion) – PSJ qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, Villnyov-d Ask şəhərindəki “Pyer-Morua” stadionunda keçirilən görüşdə qapılara 3 qol vurulub.

Paris təmsilçisi əzəli rəqiblərindən olan Lion klubunu məğlub edərək Fransa Kubokunu qazanıb. Luis Enrikenin yetirmələri buna 2:1 hesablı qələbə ilə nail olublar.

Paris klubu hesabı 22-ci dəqiqədə açıb. Əvvəlcə Nuno Mendesin ötürməsindən sonra Usman Dembele fərqlənib. 12 dəqiqə sonra Fabian Ruis hesab arasındakı fərqi artırıb. Lionlular ikinci hissənin əvvəlində buraxılmış qollardan birini çıxsalar da, bundan artığına gücləri çatmayıb.

Beləcə, PSJ Fransa Liqa 1-in ardından, ölkə kubokunun da qalibi olub və “qızıl dubl”a imza atıb. Xatırladaq ki, Liqa 1-də artıq başa çatmış mövsüm ərzində 34 oyuna 76 xal toplamış Paris komandası rəqiblərinə titul şansı verməyib. Komanda ən yaxın təqibçisi “Monako”nu 9 xal qabaqlayıb.

Paris klubu tarixində 15-ci dəfə Fransa Kubokunun qalibi olub. Bu isə rekord göstəricidir. İkinci ən yaxşı göstərici 10 dəfə kuboku qazanmış Marsel “Olimpik”indədir.

Fransa Kuboku
Final
25 may

Olimpik (Lion) – PSJ 1:2
Qollar: Ceyk O’Brayen, 55 – Usman Dembele, 22. Fabian Ruis, 34.