PSV “kəndilər”in 36 yaşlı xorvat ulduzu, veteran sol cinah hücumçusu İvan Perişiçlə müqaviləsinin müddətini uzadıb.
Arena.az bu barədə Niderland klubunun rəsmi saytına istinadən məlumat verir.
Yenilənmiş müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
İvan Perişiç PSV-yə 2024-cü ilin sentyabr ayında azad agent qismində qoşulub. Xorvat futbolçunun Niderland klubu ilə əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
Cari mövsümdə Perişiçlə PSV üçün 27 oyuna çıxıb, 9 qol, 9 məhsuldar ötürmə ilə fərqlənib.
Perişiç karyerası ərzində “Soşo”, “Ruselare”, Brügge”, Dortmund “Borussiya”sı, “Volfsburq”, “İnter”, “Bayern”, “Tottenhem”, Split “Hayduk”unda çıxış edib.
İvan Perişiç 2011-ci ilin mart ayında debüt etdiyi Xorvtiya yığmasının heyətində 144 oyun keçirib, 36 qol və 35 məhsudlar ötürmə ilə fərqlənib.
İvan Perişiç Dortmund “Borussiya”sı ilə Almaniya Bundesliqasının (2011/2012) və Almaniya Kubokunun (2011/2012), “Volfsburq”la Almaniya Kubokunun (2014/2015) və Almaniya Super Kubokunun (2015), “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020), Almaniya Kubokunun (2019/2020) və Çempionlar Liqasının (2019/2020), “İnter”lə İtaliya A Seriyasının (2020/2021), İtaliya Kubokunun (2021/2022), İtaliya Super Kubokunun (2021) qalibi olub, həmçinin PSV ilə Niderland çempionluğunu (2024/2025) qazanıb.
Perişiç Xorvatiya yığması ilə DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc medal qazanıb, həmçinin 2022/2023-cü illər mövsümü UEFA Millətlər Liqasının finalçısı olub.
“Transfermarkt” internet-portalı 36 yaşlı xorvat sol cinah hücumçusunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.


