Marsel “Olimpik”inin 37 yaşlı qabonlu mərkəz hücumçusu Pyer-Emerik Obameyanq bundan sonra “Deportivo”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən məlumat verir.
Təcrübəli futbolçu ilə 2028-ci ilin iyun ayınadək qüvvədə olacaq müqavilə imzalanıb.
Obameyanq La Korunya təmsilçisinə 1,5 milyon avro müqabilində keçib.
Xatırladaq ki, Obameyanq Marsel “Olimpik”inə 2025-ci ilin yayında qayıtmışdı. O, ötən mövsüm Liqa 1-də 30 oyunda 10 qol vurub.
Obameyanq “Milan”ın məzunudur. Hücumçu, karyerası ərzində icarə əsasında “Dijon”, “Liil” və “Monako”da və həmçinin tamhüquqlu əsasda “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona”, “Çelsi”, “Olimpik” (Marsel) və “Əl-Kadisiya”da çıxış edib.
Pyer-Emerik Obameyanq 2009-cu ilin mart ayında debüt etdiyi Qabon yığmasının heyətində 83 oyuna 40 qol vurub, 10 məhsuldar ötürmə verib. Əlavə edək ki, Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan vətəni Qabonun xeyrinə seçim edib.
“Transfermarkt” internet-portalı 37 yaşlı qabonlu mərkəz hücumçusunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.
Qeyd edək ki, “Deportivo” 2017/2018-ci illər mövsümünün sonunda La Liqanı tərk etdikdən sonra bu ilin mayında yenidən İspaniya futbolunun elit divizionuna qayıtmağa nail olub.


