Futbol üzrə Ekvador milli komandasının və “Bayer”in müdafiəçisi Pyero İnkapye Almaniya klubu ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı mərkəz müdafiəçisinin sözləşməsinin müddəti 2027-ci ilin yayınadək artırılıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2026-cı ilin 30 iyununa qədər idi.
Pyero İnkapye 2021-ci ilin avqust ayında Argentinanın “Atletiko Talyeres” klubundan 6.35 milyon avro qarşılığında “Bayer”ə transfer olunub. Gənc futbolçu Leverkuzen təmsilçisində 56 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Atletiko Talyeres”dən əlavə, yetirməsi olduğu “İndependyente del Valye” klubunun da formasını geyinib. Müdafiənin sos cinahında da oynamağı bacaran universal futbolçu, Ekvador yığmasında 24 oyuna çıxıb, 1 qol vurub.
“Bayer” gənc yarımmüdafiəçisi Zidan Sertdemiri də Danimarkanın “Nordsyelland” klubuna satıb. Bundesliqa klubu bu transferdən 1 milyon avro qazanıb. Halbuki, Leverkuzen təmsilçisi bu oyunçunu 2021-ci ilin iyul ayında məhz “Nordsyelland”dan 2.5 milyon avro qarşılığında transfer etmişdi. Mərkəz yarımmüdafiəçisi məhz Danimarka klubunun yetirməsidir. Lakin o, bu klubun əsas komandasında forma şansı qazanmayıb. “Bayer”də isə o, əsas komanda ilə 3 matça çıxıb. Danimarkadan olan futbolçu bu ölkənin U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.


