“Qəbələ” macarlar üzərində qələbəni əldən verdi

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasında 2023/2024 mövsümünə start verib.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” Çempionlar yolunun 1-ci mərhələsində ilk oyununu keçirib.

Famil Xəlilovun yetirmələri Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə qarşılaşıb. Görüş Qəbələ şəhər stadionunda baş tutub. Matç erkən qolla başlayıb. Şahin Şahniyarov 8-ci dəqiqədə qonaqların qapısına yol tapıb. Azərbaycan çempionu üstünlüyünü fasilə ərəfəsində əldən verib. Macarıstan klubu penalti ilə hesaba tarazlıq gətirib. İkinci 45 dəqiqə də qarşılıqlı hücumlarla keçib. Komandamız hesabı xeyrinə dəyişmək imkanları qazansa da, rəqib qapısına yol tapa bilməyib.

Beləliklə, Qəbələdəki görüş qollu heç-heçə ilə başa çatıb – 1:1.

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək.

UEFA Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələ, ilk oyun
4 oktyabr

“Qəbələ” – “Puşkaş Akademiya” 1:1
Qollar: Şahin Şahniyarov, 8 – Adam Umatum, 36-pen.
Baş hakim: Sayat Karabayev.
Baş hakimin köməkçiləri: Timur Tursumbayev, Yevgeniy Karlov (hamısı Qazaxıstan).
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan).
Qəbələ şəhər stadionu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: