“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) bu gün UEFA Gənclər Liqasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” 1-ci mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə cavab görüşündə üz-üzə gəlib.
Bu komandalar arasındakı ilk oyun Qəbələdə keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə Macarıstanda, “Puşkaş Akademiya Panço Arena”da baş tutub. Norveçdən olan ədalət təmsilçilərinin idarə etdiyi qarşılaşma Azərbaycan təmsilçisi üçün uğurlu alınıb.
Famil Xəlilovun yetirmələri Macarıstanda qələbəyə seviniblər. Matçın taleyini bir qol həll edib. Səfər görüşünü fəal keçirən “Qəbələ” istəyinə ikinci hissədə çatıb. Kənan Baxışov 56-cı dəqiqədə meydan sahiblərinin qapısına yol tapıb. 1:0 hesabı ilə qələbə qazanan komandamız 2-ci mərhələyə yüksəlib.
Xatırladaq ki, Azərbaycan futbolu tarixində 2-ci dəfə təmsilçimiz UEFA Gənclər Liqasında mərhələ adlayıb. Hər iki uğura “Qəbələ” imza atıb. Bu, sözügedən klubun bu turnirdə 6-cı cəhdi idi. Yarışda 2016/17 mövsümündə debüt edən komandanın daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb.
AFFA-nın təşkil etdiyi Gənclər Liqasının qalibi olan “Qəbələ” UEFA Gənclər Liqasında iştirak üçün 20 futbolçu sifariş edib:
Məmməd Muradov, Həbib Hüşənov, Nuğay Rəşidov, Fuad Əhmədov, İbrahim Ramazanov, Ravil Qafarov, Eşqin Əhmədov, Okan Təhməzli, Sənan Ağalarov, Şahin Şahniyarov, Kənan Baxışov, Xəyyam Məmmədli, Rüfət Bədəlzadə, Qədir Ramazanov, Rəvan Əsədov, Cuma Hüseynov, İlkin Budaqov, Elnur Mustafayev, Ceyhun Bağırzadə, İslam Abdüləzizov.
Bu cütün qalibi növbəti raundda “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq. Azərbaycan təmsilçisinin rəqibinin hansı komanda olacağı bu gün keçiriləcək cavab oyununda bəlli olacaq. Yunanıstanda keçirilmiş ilk oyunda meydan sahibləri 3:1 hesabıyla qalib gəliblər.
UEFA Gənclər Liqası
Çempionlar yolu, 1-ci mərhələ, cavab oyunu
25 oktyabr
“Puşkaş Akademiya” – “Qəbələ” 0:1
Qol: Kənan Baxışov, 56.
Baş hakim: Mohammad Usman Aslam (Norveç).
Baş hakimin köməkçiləri: Tom Harald Qronevik, Yorgen Ronninq Valstadsve (hər ikisi Norveç).
Dördüncü hakim: Marton Ruş (Macarıstan).
“Puşkaş Akademiya Panço Arena”.
İlk oyun – 1:1.


