Qabriele Korbo yenidən MLS-ə üz tutdu

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Bolonya” klubu müdafiəçisi Qabriele Korbo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, İtaliyadan olan 23 yaşlı futbolçu MLS-də mübarizə aparan Kanadanın “Monreal” klubuna transfer olunub.

Bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 2023-cü ilin 31 dekabrına qədər anlaşıblar. Transferin digər detalları açıqlanmır.

Mərkəz müdafiəçisi olan Qabriele Korbo daha öncə də icarə əsasında “Monreal”da forma geyinib. O, 2022-ci ilin yanvarından dekabrına qədər Kanada klubunda 17 rəsmi oyun keçirib.

“Spetsiya”nın yetirməsi olan Korbo, 2018-ci ilin yayından “Bolonya”da çıxış edirdi. Lakin o, bu klubun əsas komandasında cəmi 4 matç keçirib. Müdafiəçi “Monreal”dan öncə “Askoli”də də icarədə oynayıb. O, İtaliyanın U-17, U-18, U-19 və U-20 yığmalarında da forma geyinib.

Xatırladaq ki, “Bolonya” bu qış fasiləsində Emanuel Vinyatonu da “Empoli”yə, Canmarko Kanyanonu “Fortuna Sittard”a, Musa Juvaranı “Odense”yə, “Denso Kasiusu Vyana “Rapid”inə, Sebastyan Brezanı isə “Karrarese”yə icarəyə vermişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: