“Sabah”la oyunda Azərbaycan Premyer Liqasında 350-ci matçına çıxmış “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Qara Qarayev təəssüratlarnı bölüşüb.
Arena.az xəbər verir ki, təcrübəli futbolçu klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Azərbaycan çempionatlarında 350 oyun keçirməyimdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Bu rəqəmə çatmaq üçün çox əziyyət çəkmişəm. Bunun üçün həm saglam xarakterə, düşüncəyə, həm də nizam-intizama sahib olmalı, fiziki durumu qorumalısan. Şükürlər olsun ki, bunları qoruyub saxlamışam.
350-də dayanmaq fikrim yoxdur. Hədəfim fiziki gücüm imkan verdiyi qədər daha çox oyun keçirməkdir. İlk oyunumdan bu günə qədər bütün görüşlərim əhəmiyyətlidir, hər birinin özünəməxsus yeri, uğuru, xatirəsi var. Dəyərini dərk edirəm. Karyeramın bundan sonrakı hissəsində də keçirəcəyim oyunlara eyni dəyəri, keyfiyyəti qatmağa çalışacağam. Azərbaycan futboluna layiq olmağa çalışmışam, bundan sonra da belə olacaq”.
Xatırladaq ki, milli komandamızın sabiq üzvü, hazırda “Araz-Naxçıvan”da çıxış edən Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib. 33 yaşlı yarımmüdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 33-cü turuna təsadüf edib. “Araz-Naxçıvan”ın futbolçusu “Sabah”la ev oyununa (1:1) start heyətində çıxıb.
Premyer Liqada 2008/2009 mövsümündə debüt etmiş Qarayev 350 matçda 6 qol vurub. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da 20 görüşə çıxıb.
Qara Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü futbolçudur. O, Rahid Əmirquliyevin rekordundan 101 oyun geri qalır.


