Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü, dayaq yarımmüdafiəçisi Qara Qarayev “Neftçi”dən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Neftçi” PFK Qara Qarayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Təcrübəli yarımmüdafiəçiyə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Qara Qarayev 2023-cü ilin iyul ayından “Neftçi”də çıxış edirdi. Yarımmüdafiəçi paytaxt klubunun heyətində 28 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, bir müddət əvvəl “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuq Qara Qarayevi əsas komandada görmək istəmədiyi üçün əvəzedici heyətə göndərmişdi. Bu isə futbol ictimaiyyəti və azarkeşlər tərəfindən birmənalı qarşılanmamışdı. Qara özü də bununla bağlı sosial şəbəkə hesabında paylaşım etmiş və bu çətinliyin də öhdəsindən gələcəyinə inamını vurğulamışdı.
Qara Qarayev “Qarabağ”ın yetirməsidir. O, 2008-ci ildən “Neftçi”yə keçənə qədər məhz Ağdam klubunun əsas komandasında çıxış edib. Təcrübəli futbolçu bu komandada 442 matça çıxıb. Dayaq yarımmüdafiəçisi bu oyunlarda 5 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub. Qara Ağdam təmsilçisi ilə 9 dəfə Azərbaycan çempionatının, 4 dəfə isə ölkə kubokunun qalibi olub.
Yarımmüdafiəçi Azərbaycan milli komandasında da 76 oyun keçirib.


