“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev Premyer Liqanın 6-cı turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu “Neftçi” TV-yə açıqlamasında rəqibin üstün keyfiyyətlərə malik olduğunu söyləyib:
“Qəbələdə kiçik təlim-məşq toplanışı keçirdik. Düşünürəm ki, bu, çox vacib idi. Sözsüz ki, bu, daha hazırlıqlı olmağımız üçün idi. “Araz-Naxçıvan” indi yüksəlişdədir. Onların təhlükəli oyunçuları var. Yaxşı müdafiə olunurlar, hücumlar qura bilirlər. Ən əsası da, “Araz-Naxçıvan”ın qol hissiyatı yaxşı olan futbolçuları var. Bunları çempionat matçlarında göstəriblər. “Araz-Naxçıvan” istənilən komandadan xal ala biləcək rəqibdir. Bizi çətin, lakin maraqlı qarşılaşma gözləyir. Ümid edirəm ki, oyuna qədər bütün hazırlığımız yekunlaşacaq. Sözsüz ki, futbol fərdi oyundur. Daha yaxşı çıxış edənlər daha yaxşı oynayanlardır. Həm fiziki, həm də taktiki baxımdan Qəbələ toplanışı bizim üçün vacib idi. Çünki bu il komanda olaraq birlikdə təlim-məşq toplanışı keçirə bilməmişdik”.
Bu yay “Qarabağ”dan ayrılaraq Bakı təmsilçisinə keçən Qara Qarayev artıq komandaya tam uyğunlaşdığını deyib: “İndi komandaya və oyun sisteminə tam uyğunlaşmışam. Buradakı atmosfer, azarkeşlərin münasibəti uyğunlaşma dövrünü daha sürətli edir, futbolçuların özünü komfortlu zonada hiss etməsinə kömək olur. Bununla bağlı heç bir problem yaşamamışam. İlk günlərdə bir az hiss edirdim ki, fərqli atmosfer, yeni oyunçular var. Amma bu, çox qısa zaman oldu. İndi hər şey qaydasındadır. Komandanın futbol biliyinə, ideyasına tam alışmışam. Fikrimcə, gələn futbolçuların hamısı artıq bu dövrü keçiblər. Problemimiz yoxdur. Ancaq matçlara, nəticəyə köklənmişik”.


