Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin “Qarabağ” – “Ayaks” oyununa bilet satan şəxslər saxlanılıblar.
Arena.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ” – “Ayaks” oyununun biletlərinin qeyri-qanuni onlayn satışına qarşı növbəti əməliyyat-texniki tədbir keçirib.
Biletləri əvvəlcədən onlayn qaydada və satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkələrdə müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Şahin Məmmədov və Hüseyn Quliyev saxlanılıblar. Həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.
DİN yaydığı xəbərdə bir daha idman yarışlarını stadionda izləmək istəyən vətəndaşlara biletləri yalnız rəsmi satış nöqtələri, eləcə də, onlayn qaydada QR və ya elektron bilet sifarişi verməklə əldə etməyi tövsiyə edib.
Sosial şəbəkələrdə saxta bilet satışı ilə bağlı dələduzluq halları ilə üzləşən şəxslər bu barədə polisə məlumat verə bilərlər.


