“Qarabağ” bu gün İsveçdə “Elfsborq”la qarşılaşacaq

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsində 6-cı oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam klubu səfərdə “Elfsborq”la üz-üzə gələcək.

İsveç təmsilçisi ilə qarşılaşma Borasda baş tutacaq. Qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinə uğursuz start verib. Səfərdə “Tottenhem”ə (İngiltərə) 0:3 hesabıyla uduzmuş komandamız evdə də “Malmö”yə (İsveç) 1:2, “Ayaks”a (Niderland) 0:3, Lion “Olimpik”inə (Fransa) 1:4 hesablarıyla məğlub olub. Qurban Qurbanovun kollektivi yalnız səfərdə “Bodo Qlimt”ə (Norveç) 2:1 hesabıyla qalib gəlib. Bu nəticələrdən sonra təmsilçimiz 3 xalla 32-ci pillədə qərarlaşıb.

“Elfsborq” isə səfərdə “Alkmar”a (Niderland) 2:3, “Qalatasaray”a (Türkiyə) 3:4, “Atletik”ə (İspaniya) 0:3 hesablarıyla uduzub. İsveç təmsilçisi evdə “Roma”ya (İtaliya) 1:0 hesabıyla qalib gəlib, “Braqa” (Portuqaliya) ilə də “sülh bağlayıb” – 1:1. Bu komanda hazırda 4 xalla 28-ci pillədədir.

Bu, iki rəqib arasında ilk avrokubok dueli olacaq. “Boras Arena”dakı qarşılaşma Azərbaycan və İsveç klubları arasında ümumilikdə 10-cu görüş olacaq. İki ölkə təmsilçiləri indiyədək 9 dəfə üz-üzə gəliblər. Əvvəlki qarşılaşmalarda təmsilçilərimiz üstünlüyə malikdirlər. 6 qələbə qazanan komandalarımız 3 dəfə uduzublar. Maraqlıdır ki, 9 matçın heç birində heç-heçə qeydə alınmayıb. 11 qol vuran klublarımız 5 top buraxıblar. Bu 9 oyundan 7-si “Qarabağ”ın hesabındadır. Qurbanovun komandası skandinaviyalılara 5 dəfə qalib gəlib və 2 dəfə uduzub. 10 qol vuran Ağdam klubu cəmi 4 top buraxıb. Təmsilçimiz bu 7 oyunu 4 fərqli rəqibə qarşı keçirib. Qurbanovun komandası iki dəfə rəqibini mübarizədən kənarlaşdırıb, digər üç görüş qrup və liqa mərhələlərinə təsadüf edib. Son belə qarşılaşma 70 gün öncə baş tutub. “Qarabağ” cari mövsüm Liqa mərhələsinin 2-ci turunda “Malmö”nü qəbul edib. Oktyabrın 3-dəki matçda qonaqlar qalib gəliblər – 2:1.

Qeyd edək ki, Azərbaycan çempionu “Elfsborq”la oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, müdafiəçilər – Bəhlul Mustafzadə və Kevin Medina, eləcə də yarımmüdafiəçi Aleksey İsayev İsveçdəki matçı buraxacaqlar. Medina ilə İsayevin zədəli olduğu daha öncədən məlum idisiə, Bəhlul məhz “Elfsborq”la oyunun hazırlığı zamanı zədələnib. Azərbaycan millisinin də üzvü olan futbolçu bud arxa əzələsinin gərilməsi ucbatından təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Avropa Liqası
Liqa mərhələsi, 6-cı tur
12 dekabr

“Elfsborq” – “Qarabağ”
Baş hakim: Antanio Nobre
Baş hakimin köməkçiləri: Pedro Ribeyro, Nelson Pereyra
Dördüncü hakim: Bruno Migel Karmo Vyeyra
VAR: Huqo Migel
AVAR: Andre Narkizo (Hakimlər briqadası Portuqaliyadandır)
Hakim-inspektor: Stefano Podeski (San Marino).
UEFA nümayəndəsi: Yan Atkins (İngiltərə).
“Boras Arena”. Saat 00:00.

Xəbəri sosial şəbəkələrdə paylaş: