Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxacaq.
Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandası ilə qarşılaşacaq.
Azərbaycan və Şimali Makedoniya çempionları arasındakı ilk görüş Skopye şəhərində baş tutacaq. “Todor Proeski” stadionunda keçiriləcək qarşılaşmanı Slovakiyadan olan hakimlər idarə edəcəklər. Matçın baş hakimi İvan Kruzlyak olacaq. Ona yan xətt hakimləri Branislav Hançko və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək. Görüşün VAR hakimi Mixal Oçenaş, AVAR hakimi isə Boris Marhefka olacaqlar.
Qurban Qurbanovun çalışdırdığı kollektiv yeni avrokubok mövsümünə uğurlu startın davamını gətirməyə çalışacaq. Ağdam klubu ÇL-in 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandasını hər iki oyunda məğlub etmişdi. “Şkendiya” da böyük sürprizə imza ataraq Rumıniya nəhəngi “Styaua”ya həm evdə, həm də səfərdə qalib gəlmişdi.
Qeyd edək ki, “Qarabağ”la “Şkendiya” arasındakı cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşə saat 20:00-da start veriləcək. Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Onu da xatırladaq ki, “Qarabağ” “Şkendiya” səddini keçsə, növbəti mərhələdə “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların məğlubu da Avropa Liqasında eyni cütün uduzanı ilə üz-üzə qarşılaşacaqlar.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
5 avqust
“Şkendiya” – “Qarabağ”
Baş hakim: İvan Kruzlyak
Baş hakimin köməkçiləri: Branislav Hançko, Yan Pozor
Dördüncü hakim: Peter Kraloviç
VAR: Mixal Oçenaş
AVAR: Boris Marhefka
(Hakimlər briqadası Slovakiyadandır)
Skopye. “Todor Proeski” stadionu. Saat 22:00.


