UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, biletlər avqustun 22-də saat 14:30-dan etibarən satışda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.
Biletləri “iTicket.az”-ın satış məntəqələrindən (iTicket.az-da onlayn satış); “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.
Xatırladaq ki, Ağdam klubu ötən həftə Macarıstanda keçirilmiş ilk oyunda bu rəqibinə 3:1 hesabıyla qalib gəlib. Azərbaycan çempionu doğma meydanda bu üstünlüyünü qorusa, UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak hüququ qazanacaq. Uduzan tərəf isə Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək.



