UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Ludoqorets” oyununun biletləri satışa çıxarılır.
Arena.az xəbər verir ki, bu oyunun biletləri sabah – avqustun 2-dən etibarən satışda olacaq.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, biletlər sabah saat 12:00-də satışa çıxarılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.
Satış məntəqələri bunlardır:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
“Qarabağ” FK-nın “Park Bulvar”dakı Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Xatırladaq ki, “Qarabağ”la “Ludoqorets” arasındakı ilk qarşılaşma avqustun 6-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq bu qarşılaşmaya saat 20:00-da start veriləcək.
Bu komandalar arasında Bolqarıstanda keçiriləcək cavab görüşü isə avqustun 13-də baş tutacaq. Razqrad şəhərindəki “Ludoqorets Arena”da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.
Xatırladaq ki, Azərbaycan çempionu əvvəlki raundda Cəbəllüttariqin “Linkoln” komandasını mübarizədən kənarlaşdırıb. Bolqarıstan çempionu isə Belarusun “Dinamo” (Minsk) komandasından güclü olub.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi
6 avqust
20:00. “Qarabağ” – “Ludoqorets”
Baş hakim: Urs Şnider (İsveçrə)
Baş hakimin köməkçiləri: Marko Zürxer, Benjamin Zürxer (İsveçrə)
Dördüncü hakim: Sven Volfensberger (İsveçrə)
VAR hakimləri: Fedayi San, Yohannes von Mandax (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
13 avqust
22:00. “Ludoqorets” – “Qarabağ”
Baş hakim: Simone Sozza (İtaliya)
Baş hakimin köməkçiləri: Corco Peretti, Davide İmperiale (İtaliya)
Dördüncü hakim: Matteo Marketti (İtaliya)
VAR hakimləri: Canluka Aureliano, Marko Serra (İtaliya)
Razqrad. “Ludoqorets Arena”.


