“Qarabağ” “Ludoqorets”i qəbul edir

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümündə növbəti matçına çıxacaq.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsində Bolqarıstan çempionu “Ludoqorets”lə mübarizə aparır.

Azərbaycan və Bolqarıstan çempionları arasındakı ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyuna saat 20:00-da start veriləcək.

“Ludoqorets” Ağdam klubunun avrokuboklarda qarşılaşacağı 80-ci rəqibdir. Azərbaycan çempionu indiyədək qitə yarışlarında 79 fərqli komanda ilə ümumilikdə 178 oyun keçirib.

Cari avrokubok mövsümündə Bolqarıstan klubu iki “Dinamo”nu mübarizədən kənarlaşdırıb. Bunlardan biri Batumini təmsil edən Gürcüstan çempionu, digəri isə Minski təmsil edən Belarus çempionu olub. Maraqlıdır ki, hər iki rəqabətdə “Ludoqorets” evdə iki top üstünlük qazanması sayəsində səfərdəki 0:1-lik məğlubiyyətə bir o qədər də məyus olmayıb.

“Qarabağ” isə cari avrokubok mövsümünə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayıb. Təmsilçimiz Cəbəllüttariq çempionu “Linkoln”u səfərdə 2:0, evdə isə 5:0 hesabıyla məğlub edərək 3-cü raunda yüksəlib.

“Qarabağ”la “Ludoqorets” arasındakı cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda keçiriləcək. Bu cütün qalibi ÇL-in pley-off mərhələsində Xorvatiya çempionu “Dinamo” (Zaqreb) ilə üz-üzə gələcək. Məğlub olan tərəf isə Avroliqanın pley-off mərhələsində “Petrokub” (Moldova) – TNS (Uels) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
6 avqust

20:00. “Qarabağ” – “Ludoqorets”
Hakimlər: Urs Şnider, Marco Zürxer, Benyamin Zürxer, Sven Volfensberger (Hamısı İsveçrə).
VAR hakimləri: Fedayi San, Yohannes von Mandax (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbəri sosial şəbəkələrdə paylaş: