“Qarabağ” – “Malmö” matçına 24 min bilet satılıb

Futbol üzrə Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunun “Qarabağ” – “Malmö” (İsveç) matçına bilet satışı davam edir.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu oyuna artıq 24 000 bilet satılıb. Oyun saatına qədər bu göstəricinin daha da artacağı istisna edilmir.

Xatırladaq ki, “Qarabağ” – “Malmö” matçının biletləri sentyabrın 27-dən etibarən satışdadır. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri isə bunlardır:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
“Qarabağ”ın “Park Bulvar”dakı Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

“Qarabağ”la “Malmö” arasındakı qarşılaşma bu gün – oktyabrın 3-də Bakıda baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.

Xəbəri istədiklərinizlə paylaşın