“Qarabağ” qalib gəldi, Azərbaycan Ukraynaya yaxınlaşdı

“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsindəki qələbəsi Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

Arena.az xəbər verir ki, bu qələbə sayəsində Azərbaycan Ukraynaya yaxınlaşıb.

Bu, Ağdam klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferentsvaroş”a qalib gəlməsi (3:1) sayəsində mümkün olub.

“Köhlən atlar” ölkəmizin aktivinə daha 0,250 əmsal yazdırıblar. Nəticədə cari mövsümdə qazanılmış əmsal 2,327-ə yüksəlib.

Hazırda Azərbaycanın son beş mövsüm üzrə hesablanan əmsalı bütövlükdə 19,500-dür. Ölkəmiz 55 UEFA üzvü arasında 28-ci sırada qərarlaşıb. Bizdən öndə 19,725 əmsala malik Ukrayna qərarlaşıb. Hansı ki, cari mövsümdə mübarizə aparan 4 təmsilçisindən 3-ü yoluna davam edir. Azərbaycanı isə Bolqarıstan izləyir. Sözügedən ölkə də əmsalını 18,375-ə çatdırıb. Bolqarların da 4 təmsilçisindən 3-ü hələ yoluna davam edir. Bu isə onların Azərbaycanı qabaqlamaq şansının yüksək olmasından xəbər verir.

Xatırladaq ki, avrokuboklardakı digər təmsilçilərimiz “Zirə”, “Araz-Naxçıvan” və “Sabah” mübarizəni başa vurublar. Bir sözlə, Azərbaycan cari mövsümdəki bütün ümidini “Qarabağ”a bağlayıb. Hansı ki, bu mövsüm üçün qazanılmış 2,375 əmsalın da böyük qismini elə Ağdam klubu qazanıb – 1,250. “Sabah” Azərbaycana 0,625, “Araz-Naxçıvan” 0,375, “Zirə” isə 0,125 əmsal qazandıra bilib.

Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (94,839) başçılıq edir. İtaliya (84,374) ikinci, İspaniya (78,703) üçüncü, Almaniya (74,545) dördüncü, Fransa isə (67,748) beşincidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: