“Qarabağ” “Tvente”yə 2-ci oyunda məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün daha bir yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yenə Niderland təmsilçisi “Tvente” ilə qarşılaşıb.

Qarşılaşma Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə bitib. Azərbaycan çempionunun heyətində yeganə qolu Abbas Hüseynov vurub.

Qurban Qurbanov bu oyunda aşağıdakı heyətə güvənib:

Əsas heyət: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 19. Mehdi Mütəllimli, 17. Rüstəm Əhmədzadə, 11. Emmanuel Addai, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı.
Ehtiyat oyunçular: 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 90. Nəriman Axundzadə, 26. Amin Rzayev, 6. Həbib Qədimov.

Qeyd edək ki, “Qarabağ” bu gün eyni komanda ilə daha bir oyun keçirmiş və 3:2 hesabıyla qalib gəlmişdi. Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada isə Ukraynanın “Metallist” (Xarkov) kollektivinə uduzmuşdu – 4:5. “Köhlən atlar” Bakıdakı yoxlama matçında da “Zirə”ni 4 cavabsız qolla üstələmişdilər.

Qeyd edək ki, “Qarabağ” yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Ağdam klubu bu turnirin 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: