Azərbaycan çempionu “Qarabağ” 2023-cü ilin ən yaxşı komandası, baş məşqçisi Qurban Qurbanov isə ilin ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, Azərbaycan idmanında 2023-cü ilin ən yaxşıları bəlli olub.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qala mərasimdə “Qarabağ” müxtəlif nominasiyalarda ən yaxşılar sırasında yer alıb.
Buna komandanın il ərzində qazandığı nailiyyətlər səbəb olub. Ağdam klubu 2022/2023 mövsümündə Azərbaycan çempionu adını 10-cu dəfə qazanıb. Ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə yüksələn komanda Avropa Liqasında da tarixi uğura imza atıb. Ağdam təmsilçisi bu turnirin pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Bu uğurların nəticəsində “Qarabağ” ilin ən yaxşı kişi komandası seçilib. Mükafat klubun prezidenti Tahir Gözələ təqdim olunub.
Komandanın baş məşqçisi Qurban Qurbanov iki mükafata layiq görülüb. Təcrübəli mütəxəssis ilin ən yaxşı məşqçisi adını qazanıb. Baş məşqçi həm də İlin Ədalətli oyun (Fair Play) mükafatı ilə təltif olunub.
Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmi də mükafatlandırılıb. Premyerası bu il olan film ilin ən yaxşı idman filmi nominasiyasında qalib gəlib. Ağdam klubu isə ilin ən yaxşı idman klubu nominasiyasında 3-cü olub.
Qeyd edək ki, ən yaxşıların seçimi 3 mərhələdən ibarət olub. İlkin mərhələdə olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlərini təqdim ediblər. İkinci mərhələ sosial media vasitəsilə izləyicilər arasında aparılıb. Üçüncü mərhələdə isə nazirlikdə yaradılmış münsiflər komissiyasının rəyi nəzərə alınıb. Seçim prosesində namizədlər federasiyalardan 50 faiz, izləyicilərdən 30 faiz, xüsusi münsiflər komissiyasından isə 20 faiz səs alıblar.






