“Qarabağ” “Zirə”yə 4 cavabsız qolla qalib gəldi

Azərbaycan çempionu “Qarabağ” ilə gümüş mükafatçı “Zirə” yay təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, Ağdam və Bakı təmsilçiləri bu gün “Azərsun Arena”da üz-üzə gəliblər.

Görüş Ağdam klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0. Qolları Kadi Borges (10), Emmanuel Addai (50), Aleksey Kaşuk (58) və Musa Qurbanlı (64) vurublar.

Xatırladaq ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda hazırlıq prosesi çərçivəsində Ukraynanın “Metallist” (Xarkov) klubu ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.

5-17 iyul tarixlərində Türkiyədə təlim-məşq toplanışında olacaq “Zirə” isə bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.

“Qarabağ” yeni mövsümdə UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. “Zirə” isə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiya “Hayduk”u ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: