“Qarabağ”ın rəqibi Stiven Berqveyni 21 milyon avroya satdı

Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Ayaks” üç futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, Niderland klubu Stiven Berqveyni “Əl-İttihad”a satıb.

Səudiyyə Ərəbistanı klubu bu transfer üçün Niderland nəhənginə 21 milyon avro ödəyib. 26 yaşlı vinger yeni klubu ilə 3 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

“Ayaks” və PSV-nin futbol akademiyalarından keçmiş Stiven Berqveyn iki mövsüm İngiltərədə “Tottenhem”in formasını geyindikdən sonra 2022-ci ilin yayında 31,25 milyon avro qarşılığında “Ayaks”a keçmişdi. Berqveyn “Ayaks”da 80 oyuna çıxıb, 29 qol vurub, 12 assistlə yadda qalıb.

Niderlandlı futbolçu ölkəsinin milli komandasında da 35 oyun keçirib, 8 qol və 3 assist müəllifi olub.

“Qarabağ”ın rəqibi digər sol vingeri Naci Ünüvarı isə “Espanyol”a icarəyə verib. İspaniya klubu Niderland vətəndaşlığı da olan türkiyəli 21 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə heyətinə qatıb.

Naci Ünüvar “Ayaks”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında cəmi 3 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb. Amsterdam nəhəngi Nacini əvvəlki mövsümlərdə “Trabzonspor” və “Tvente”yə də icarəyə verib. Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Ünüvar ötən il Türkiyənin U-21 yığmasında da debüt edib.

“Boxum”da iki yeni oyunçu, bir ayrılıq

“Ayaks”ın xorvatiyalı mərkəz müdafiəçsi Yakov Mediç də “Boxum”a keçib. Almaniya klubu 25 yaşlı futbolçunu bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb.

“İstra 1961”, “Luçko”, “Vinoqradar”, “Nürnberq”, “Vehen”, “Sankt Pauli” kimi klublarda da oynamıış Mediç, 2023-cü ilin avqustunda 3 milyon avro müqabilində keçdiyi “Ayaks”da 9 oyun keçirib, 1 qol vurub.

Yeri gəlmişkən, “Boxum” İngiltərənin “Birmingem Siti” klubunda çıxış edən yaponiyalı yarımmüdafiəçi Koji Miyoşini də heyətinə qatıb. Transferin detalları açıqlanmasa da, 27 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalandığı məlumdur.

Yaponiya yığmasında 5 oyun keçirib, 1 qol vurmuş Miyoşi, daha öncə Belçikada “Antverpen”in, ölkəsində “Kavasaki Frontale”, “Hokkaido”, “Yokohama” kimi klubların da şərəfini qoruyub.

“Boxum”un vingeri Kristofer Antvi-Adjey də “Şalke”yə keçib. Qanadan olan 30 yaşlı futbolçu azad agent kimi qoşulduğu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Qana yığmasında 3 oyun keçirmiş Kristofer Almaniyada “Boxum”dan öncə uzun illər “Paderborn”un uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: