Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Malmö” İsveç çempionatında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, 23-cü turda səfərdə QAİS-lə qarşılaşan şəhərin eyni adlı komandası bu rəqibi ilə qolsuz bərabərə qalıb.
Bu xal itkisinə baxmayarq, hazırda İsveç çempionatında turnir cədvəlinə 50 xalla “Malmö” başçılıq edir.
Yeri gəlmişkən, “Malmö”nün bir futbolçusu Avropa Liqasında ilk 4 oyunu buraxacaq. Söhbət mərkəz müdafiəçisi Niklas Moysanderdən gedir.
Dizindən əməliyyat keçirən Finlandiya millisinin üzvü iyuldan bəri heç bir matçda iştirak etməyib. Son həkim müayinəsinin ardından 38 yaşlı oyunçunun ən yaxşı halda noyabrın sonlarında komandasına kömək edə biləcəyi açıqlanıb. Bu isə o deməkdir ki, Moysander Avropa Liqasının Liqa mərhələsində “Reyncers”, “Qarabağ”, “Olimpiakos” və “Beşiktaş”la görüşləri buraxacaq.
Qeyd edək ki, “Qarabağ”la “Malmö” arasında 2-ci tur matçı oktyabrın 3-də Bakıda keçiriləcək.
“Qarabağ”ın Avroliqadakı rəqiblərindən “Ayaks” da Niderland çempionatında növbəti oyuna çıxıb. Amsterdam təmsilçisi 3-cü turdan təxirə salınmış oyunda “Fortuna Sittard”la qarşılaşıb. Matç “Ayaks”ın darmadağını ilə başa çatıb – 5:0.
“Ayaks” 5 turdan sonra 6 xalla turnir cədvəlində 7-ci sıradad qərarlaşıb. Bu komandanın ehtiyatda təxirə salınmış daha iki oyunu var.
“Ayaks”ın da heyətlə bağlı problemləri davam edir. Niderland mətbuatının yazdığına görə, Amsterdam təmsilçisinin 4 futbolçusu hazırda zədədən əziyyət çəkir. Bunlar müdafiəçi Qaston Avila, yarımmüdafiəçilər Sivert Mannsverk, Stiven Berqveys və hücumçu Amurriço van Aksel Dongendir. Argentinalı Avila bu ilin yanvarından, niderlandlı Dongen isə apreldən komandadan ayrı qalıb. Onların nə zaman sıraya dönəcəkləri bəlli deyil.
Bir neçə gün əvvəl topuğundan xəsarət alan norveçli Mannsverkin oktyabrın ortalarında kollektivlə birgə məşqlərə başlaması gözlənilir. Digərləri kimi, onun da “Qarabağ”la matçda iştirakı sual altındadır.
Yalnız Berqveyslə bağlı vəziyyət baş məşqçi Françesko Fariolini sevindirir. Çünki vitse-kapitanın yaxın günlərdə komandasına kömək edəcək durumda olması ehtimal edilir.
Qeyd edək ki, “Ayaks”la “Qarabağ” arasında Liqa mərhələsinin 3-cü tur oyunu oktyabrın 24-də Bakıda baş tutacaq.


