“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç yenidən “Everton”da

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” klubuna qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə Liverpul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

37 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Bir sözlə, təcrübəli qapıçı 2025-ci ilin 30 iyununa qədər “Everton”da çıxış edəcək. Amma onun bu müddət ərzində daha çox ehtiyat qapıçı olması gözlənilir.

Xatırladaq ki, Asmir Beqoviç 2021-ci ilin iyul ayından 2023-cü ilin iyuluna qədər məhz “Everton”da forma geyinib. Bosniya və Herseqovinadan olan təcrübəli qolkiper bu komandada cəmi 10 oyuna çıxıb, 17 qol buraxıb, 4 “quru” matç keçirib.

Ötən ilin yayında bu klubdan ayrılaraq KPR-ə üz tutan Beqoviç, Çempionşip təmsilçisinin heyətində 46 oyun keçirib, 60 qol buraxıb, 13 matçda qapısını toxunulmaz saxlayıb.

Beqoviç 2019/2020 mövsümünün birinci yarısını icarə əsasında “Qarabağ”da keçirib. Həmin vaxt o, İngiltərənin digər klubu “Bornmut”a məxsus idi. Ağdam klubunun heyətində 17 oyun keçirmiş Asmir, həmin görüşlərdə 16 qol buraxıb, 7 görüşdə qapısının toxunulmazlığını təmin edə bilib.

Bosniya və Herseqovinadan olan futbolçu, karyerası ərzində “Bornmut”, “Portsmut”, “Stok Siti”, “Çelsi”, “Milan”, “Yovil Taun”, “İpsviç Taun”, “Maklsfild Taun” kimi komandalarda da oynayıb.

“Everton” mərkəz yarımmüdafiəçisi Tayler Onyanqonu da “Stokport Kaunti”yə icarəyə verib. 21 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə olacaq. Onun “Everton”la müqaviləsi də 2025-ci ilin 30 iyununa qədərdir.

Tayler Onyanqo “Everton”un yetirməsidir. Əsas komandada cəmi 5 oyun keçirmiş futbolçu, “Barton Albion” və “Forest Qrin” kimi klublarda da icarədə olub. O, İngiltərənin U-17 yığmasında da oynayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: