“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın klubdakı gələcəyindən söhbət açıb.
Arena.az hazırda futbol mütəxəssis olaraq çalışan veteran futbolçunun bu barədə fikrini təqdim edir:
“Heç kimin oyundan dərhal sonra rəhbərlikdən ciddi qərarlar gözlədiyini düşünmürəm. Həmişə belə görünürdü ki, bunun baş verməsi üçün çox ciddi bir məqam baş verməlidir – keçən həftə “Tottenhəm”ə məğlubiyyət (0:3) kimi. Düşünürəm ki, “Aston Villa” ilə heç-heçə (0:0) Ten Haqa azacıq vaxt verir. “Mançester Yunayted” Premyer Liqa tarixindəki ən pis başlanğıcını yaşadı, buna görə də bayram etmək üçün heç bir səbəb yoxdur”.
Qari Nevill hesab edir ki, klub rəhbərliyi niderlandlı baş məşqçinin yaxın zamanda istefasına tələsməyəcək:
“Yayda klub Ten Haqı saxlamaq qərarına gəldi, ona görə də altı və ya yeddi başlanğıc oyunundan sonra heç kim onu komandadan kənarlaşdırmaq istəmir. Rəhbərlik yaxın gələcəkdə vəziyyətin dəyişəcəyinə ümid edə bilər. Növbəti bir neçə həftə Ten Haq üçün həlledici olacaq”.
Xatırladaq ki, 7 turdan 8 xal toplamış “Mançester Yunayted” Premyer Liqanın yarış cədvəlində 14-cü pillədə qərarlaşıb. “Qırmızı şeytanlar” heç cür özlərinə gələ bilmirlər və bu Ten Haqın adı ətrafında istefa xəbərlərinin dolaşması ilə nəticələnir.
Erik ten Haq “Mançester Yunayted”i 2022-ci ilin iyul ayından çalışdırır. Ten Haq “qırmızı şeytanlar”ı indiyə qədər 125 oyuna çıxarıb, 71 qələbə, 19 heç-heçə, 35 məğlubiyyət yaşayıb. Topların fərqi isə 230:176 nisbətindədir.
Bu il iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”la İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.


