“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda futbol mütəxəssisi olan Qari Nevill “qırmızı şeytanlar”ın transfer siyasətindən danışıb.
Arena.az ingilis mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Ümidvaram ki, Erik ten Haq mövsümün sonuna qədər “Mançester Yunayted”in baş məşqçisi kimi qalacaq. Bununla belə, əgər “Mançester Yunayted” çox zəif başlanğıc götürsə və nəticələr keçən ilki ilə eyni olsa, Ten Haq tez bir zamanda özünü böyük təzyiq altında tapacaq.
Amma mən nikbinəm. Mənə elə gəlir ki, “Mançester Yunayted”in indi etdiyi transferlər əvvəlkindən fərqlidir. Əvvəllər pul xərcləyib transferlər edirdilər ki, bu da kluba və rəhbərliyinə fəsad yaradırdı. İndi klub transfer bazarında belə səhvlərə yol vermir”, deyə Qari Nevill vurğulayıb.
Xatırladaq ki, iyulun 4-də “Mançester Yunayted” Erik ten Haqla müqaviləsinin müddətini 2026-cı ilə qədər uzatdığını rəsmən açıqlayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümünün əksər yarışlarında Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” UEFA Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 38 oyundan 60 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə verməyib.
Əvəzində, niderlandlı mütəxəssis özünün “qırmızı şeytanlar”ı ilə birlikdə qarşısına qazanmağı məqsəd qoyduğu İngiltərə Kubokunda qalibiyyətə nail olub. Bu zəfər isə “Mançester Yunayted”ə növbəti, 2024/2025-cü illər mövsümündə Avropa Liqasında iştirak hüququ verib.
Erik ten Haq 2022-ci ilin iyul ayından “Mançester Yunayted”i çalışdırır. Niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı indiyə qədər 116 oyuna çıxarıb, 69 qələbə, 15 heç-heçə, 32 məğlubiyyət yaşayıb. Topların fərqi isə 215:164 nisbətindədir.


