İspaniyalı mütəxəssis Xavyer Qarsiya Pimienta La Liqada mübarizə aparan “Sevilya” komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
49 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb. O, “Sevilya”nın baş məşqçisi postunda Kike Sançes Floresi əvəzləyib.
Xavyer Qarsiya Pimienta məşqçilik karyerasına “Barselona”nın strukturunda – gənclər komandasında başlayıb. Pimientanın son klubu “Las Palmas” olub. O, 2022-2024-cü illər aralığında bu komandanı çalışdırıb. 2023/2024 mövsümünün bitməsilə “Las Palmas”dan ayrılan mütəxəssis “Sevilya”nın təklifini qəbul edib.
“Las Palmas” Pimientanın rəhbərliyi altında 105 oyun keçirib, 41 qələbə qazanıb, 33 heç-heçə edib, 31 məğlubiyyətə üzülüb. Sözügedən komanda La Liqanın 2023/2024 mövsümünü 40 xalla 20 iştirakçı arasında 16-cı pillədə başa vurub. “Sevilya” isə mövsümü 41 xalla 14-cü yerdə bitirib.


