Qasperini “Atalanta”nın Avroliqada finala çıxmasından danışdı

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandasının Avropa Liqasının finalına vəsiqə qazanması haqda danışıb.

Arena.az xatırladır ki, yarışın yarımfinalı çərçivəsində Marseldə 1:1 hesablı heç-heçənin ardınca, “Atalanta” Berqamoda “Olimpik”i 3:0 hesabı ilə məğlub edərək, Avropa Liqasının finalına yüksəlib.

“Biz çoxlu oyun oynayırıq. Həmişə yaxşı oynamaq asan deyil və bu oyunların bəzilərində mübarizə aparmalıyıq, amma bu gün əla qələbə oldu. Hələ dünən demişdim ki, bizi bütöv bir şəhər əhatə edəndə oyunçular bu güc-qüvvəni və bu duyğuları hiss edirlər. Bu, xüsusi oyun idi və onlar bunu bacardıqları qədər oynadılar. Düşünürəm ki, final tarixi hadisə olacaq və bizim kimi klub üçün bu, həqiqətən də inanılmazdır, amma bu, hamı üçün yaxşı əlamətdir”, – “Football Italia” dərgisi italyan mütəxəssisdən sitat gətirir.

Avropa Liqasının finalına vəsiqə qazanmış “Atalanta” may ayının 22-də İrlandiyanın paytaxtı Dublin şəhərinin “Aviva” stadionunda Leverkuzen “Bayer”i ilə qarşılaşacaq. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.