Kataloniya təmsilçisi “Barselona”nın gənc ispan mərkəz yarımmüdafiəçisi Qavi ağır zədə alaraq uzun müddətə sıradan çıxıb.
Arena.az bu barədə “Diario AS” dərgisinə məlumat verir.
O, İspaniya və Gürcüstan yığmaları arasında AÇ-2024-ün seçmə mərhələsinin “A” qrupunun 8-ci turu çərçivəsində keçirilmiş oyunun (3:1) 26-cı dəqiqəsində zədələnib. Yarımmüdafiəçi Oyan Sansetlə əvəzlənib.
İlk tibbi müayinədən sonra Qavinin dizində çarpaz bağın yırtığı müəyyənləşdirilib. Sonrakı mərhələdə MRT müayinəsi bu diaqnozu təsdiqləsə, Qavi ən azı 6-8 yaşıl meydanlara həsrət qalmalı olacaq. Bu müddətə isə AÇ-2024 və 2024-cü il Paris Olimpiadası daxildir ki, futbolçunun bu turnirlərdə iştirak edə bilməyəcəyi ehtimal olunur.
Qavi “Barselona”nın yetirməsidir və “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. O, bu klubun əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib.
Geridə qalmış 2022/2023 mövsümündə Qavi “Barselona”nın heyətində 49 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi ötən mövsüm İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb. Cari mövsümdə isə o, “Barselona”nın heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Gənc futbolçunun “Barselona”nın heyətində ümumi statistikası belədir: 111 oyun, 7 qol, 14 məhsuldar ötürmə.
Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 27 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı Qavini 90 milyon avro məbləğində qiymətləndirir.


