2024-cü il Avropa çempionatının seçə mərhələ oyununda Norveçi məğlub etmiş İspaniya yığmasının qələbə qolunu vurmuş Qavi rekorda imza atıb.
Arena.az məlumat verir ki, oyunun yeganə qolunu vurmuş yarımmüdafiəçi İspaniya yığmasında 25 oyun keçirmiş ən gənc futbolçudur.
O, bu göstəriciyə 19 yaş 67 günlüyündə nail olub. Buna qədər rekordun sahibi 19 yaşında 3 oyun keçirmiş, “Real”ın sabiq müdafiəçisi, hazırda “Sevilya”da çıxış edən Serxio Ramos olub.
Maraqlıdır ki, İspaniya yığmasının məşhur yarımmüdafiəçiləri Xavi və İnyesta 19 yaşında yığmada heç debüt belə, etməmişdilər.
Qavi “Barselona”nın yetirməsidir. Yarımmüdafiəçi “Barselona”nın əsas komandasında 2021-ci ilin 29 Avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib. Qavinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2022/2023 mövsümündə Qavi “Barselona”nın heyətində 49 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi ötən mövsüm 18 yaşında İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb. Cari mövsümdə isə o, “Barselona”nın heyətində 11 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib. Gənc futbolçunun “Barselona”nın heyətində ümumi statistikası belədir: 107 oyun, 7 qol, 14 məhsuldar ötürmə.
19 yaşlı futbolçu 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 25 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı Qavini 90 milyon avro məbləğində qiymətləndirir.


