“Barselona”nın gənc ispan mərkəz yarımmüdafiəçisi Qavi çarpaz bağın yırtığı və menisk zədəsindən sonra uğurla cərrahi əməliyyat edilib.
Arena.az bu barədə Kataloniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir:
“Qavi bu gün (28 Noyabr) sağ dizin ön çarpaz bağının yırtılması və meniskə tikiş qoyulması üzrə uğurlu əməliyyat keçirib. Klubun tibbi xidmətinin nəzarəti altında doktor Joan Karles Monlau onu Barselona xəstəxanasına aparıb”, – “Barselona”nın rəsmi saytında dərc edilib.
Qavi “Barselona”nın yetirməsidir və klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Gənc istedad Kataloniya təmsilçisinin əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib. Geridə qalmış 2022/2023 mövsümündə o, “Barselona”nın heyətində 49 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.
Yarımmüdafiəçi ötən mövsüm İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb. Cari mövsümdə isə Qavi “Barselona”nın heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Gənc futbolçunun “Barselona”nın heyətində ümumi statistikası belədir: 111 oyun, 7 qol, 14 məhsuldar ötürmə.
Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 27 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı Qavini 90 milyon avro məbləğində qiymətləndirir.


