Qavi yeni rekorda imza atdı – 19 yaşında “Barselona”da 100 oyun!

“Barselona”nın 19 yaşlı gənc ispan mərkəz müdafiəçisi Qavi Kataloniya klubunun heyətində 100-cü oyununa çıxıb.

Arena.az xəbər verir ki, avqustun 5-də 19 yaşı tamam olmuş istedadlı futbolçu bu göstəriciyə La Liqanın 4-cü turu çərçivəsində “Barselona”nın səfərdə “Osasuna”ya qarşı keçirdiyi oyunda nail olub.

İspan yarımmüdafiəçi meydana əsas heyətdə daxil olub və sona qədər mübarizə apararaq, Kataloniya nəhənginin 2:1 hesablı qələbəsinə töhfəsini verib.

Qavi “Barselona”nın yetirməsidir. Yarımmüdafiəçi “Barselona”nın əsas komandasında 2021-ci ilin 29 avqust tarixində İspaniya La Liqasının “Xetafe”yə qarşı oyununda debüt edib.

Geridə qalmış 2022/2023 mövsümündə o, “Barselona”nın heyətində 49 oyuna çıxıb, 3 qol vurub, 7 məhsuldar ötürmə verib. Yarımmüdafiəçi ötən mövsüm 18 yaşında İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb. Cari mövsümdə isə o, “Barselona”nın heyətində 4 oyuna çıxıb, 1 qol vurub. Gənc futbolçunun “Barselona”nın heyətində ümumi statistikası belədir: 100 oyun, 6 qol, 13 məhsuldar ötürmə.

Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 21 oyun keçirib, 3 qol vurub və 2023 UEFA Millətlər Liqasını qazanıb.

Qavinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı 19 yaşlı Qavini 90 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: