Futbol üzrə Azərbaycan millisinin və “Qəbələ”nin mərkəz müdafiəçisi İlkin Qırtımov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, yeni mövsümün transfer çalışmalarını davam etdirən klub daha bir futbolçunun keçidini rəsmiləşdirib. “Kəpəz” təcrübəli müdafiəçi İlkin Qırtımovu heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, İlkin Qırtımov 2022-ci ilin iyul ayından “Qəbələ”də çıxış edirdi. 33 yaşlı futbolçu bu klubun heyətində 68 oyuna çıxıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İlkin daha öncə “Keşlə”, “Simurq”, “Zirə” və “Neftçi”də də forma geyinib. O, 2014-cü ilin may ayında debüt etdiyi Azərbaycan yığmasının heyətində 5 oyun keçirib.
“Kəpəz” daha öncə Elmir Tağıyev (“Səbail”), Nicat Süleymanov (“Araz-Naxçıvan”), Paulo Rojerio (“Lenk”, Portuqaliya), Kərim L’Kuça (“Santa Koloma”, Andorra), Məmməd Hüseynov (“Zirə”), Lassana Ndiaye (“Botev”, Bolqarıstan) və Redon Mihananı (“Erzeni”, Albaniya) da transfer etmişdi. Yeqor Xvalko, Ehtiram Şahverdiyev, Əli Səmədov, Vurğun Hüseynov və Tural Rzayevlə isə yeni müqavilə imzalanıb.
Elçin Əlicanov, Vüsal Məsimov, Mate Kvirkviya, Adama Niane, Martins Junior, Olavale Onanuqa, İqor Rodriqes, Georgi Papunaşvili, Rüfət Əhmədov, Latir Fall, Amil Yunanov və Kamran İbrahimov isə Gəncə təmsilçisini tərk ediblər.


