Məlum olduğu kimi, ötən mövsümün yekunlarına əsasən, “Qızıl top” “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriyə təqdim edilib.
Arena.az məlumat verir ki, təşkilatçıların bu qərarı futbol dünyasını iki cəbhəyə ayırıb.
Bir qisim Rodrinin ən nüfuzlu fərdi futbol mükafatını almasını qəbullansa da, digər cəbhə təşkilatçıları ədalətsizlikdə suçlayaraq, “Qızıl top”un “Real”ın braziliyalı hücumçusu Vinisius Juniora təqdim edilməli olduğu qənaətindədir.
Oxucularımıza bu barədə müxtəlif rəylərin toplusunu təqdim edirik:
Braziliya Futbol Konfederasiyası (CBF): “Vini”, sən qızılsan. Biz həmişə birlikdə olacağıq! Bütün xalq səninlə fəxr edir”.
“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola: “Vinisius qalib gəlməli idimi? Ola bilər, amma hər şey olduğu kimi oldu. Qərarları bir dəstə kübar insan deyil, jurnalistlər verirlər. Bu səsvermə təkcə bir ölkədə deyil, bütün dünyada baş tutub”.
İspaniya yığmasının və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta: “Layiq olduğundan da daha çox. Təbrik edirəm, Rodri”.
Madrid “Atletiko”sunun fransalı hücumçusu Antuan Qrimzann özünün rəsmi “X” sosial şəbəkə hesabı üzərindən Rodrinin təbrik edərək, ispan futbolçunun adını iki ürək emodzisi arasında paylaşıb.
İspaniya yığmasının və “Real”ın keçmiş yarımmüdafiəçisi Quti: “Mənim üçün bu “Qızıl top”un heç bir nüfuzu yoxdur. Mən buna inanmıram. Səsverməyə gəlincə, bir mənə, hansı meyarların olduğunu deyin”.
“Rodri dünyanın ən yaxşı oyunçusudur” – Aquero
Argentina yığmasının və “Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero: “Layiqli bir mükafat. Rodri dünyanın ən yaxşı oyunçusudur. Futbol yalnız “Real” üçün deyil, hamı üçündür.
Bir ay əvvəl sosial şəbəkələrdə yazmışdım ki, Rodri “Qızıl top”a layiqdir. Dünən onunla danışdım və dedim ki, fikrimcə, mükafatı Vinisius qazanmalıdır. O, Çempionlar Liqasının qalibi olan “Real”dandır və “Real” dünya səviyyəlidir, elə “Mançester Siti” də.
Bununla belə, hamı bilir ki, Vinisius böyük istedada malik ulduzdur. Rodrinin iki il əvvəl Çempionlar Liqasının finalında qol vurduğu mövsümü dəyərləndirilməyib. Ond dünya çempionu olmuş Messi ilə rəqabət apara bilməmişdi.
Cari mükafat – bu, Rodrinin son iki mövsümdə əldə etdiyi nailiyyətlərin məcmuəsidir. Hamı bu qələbəni müzakirə edəcək, çünki o, yarımmüdafiəçidir, bir qayda olaraq isə burada hücumçular qalib gəlirlər. Yarımmüdafiəçilərin və müdafiəçilərin öz haqlarını alması əladır. Baxmayaraq ki, qapıçı siyahıda belə, yoxdur. Mən səsvermənin məğzini başa düşmürəm”.
Niderland yığmasının və “Milan”ın keçmiş yarımmüdafiəçisi Klarens Zeedorf: “Vinisius Junior bu mükafatı almağa layiqdir. Belə görünür ki, “Real” və UEFA arasında həll edilməmiş fəsadlar var. Düşünürəm ki, “Real” və UEFA arasındakı bu fəsadlar, futbolçunun layiq olduğu mükafatdan ayrılmalıdır. Bu, biabırçılıqdır”.
Braziliya millisinin və “Tottenhem”in hücumçusu Riçarlison: “Biz, futbolla yaşayan hamımız hər mövsüm fərdi mükafatları gözləyirik. Bu gün futbolu sevən bütün braziliyalılar uzun müddət sonra ölkəmizdən daha bir futbolçunun “İlin ən yaxşı oyunçusu” mükafatını alacağı intizarı ilə oyanmışdı.
Təəssüf ki, hər kəs üçün aydın olmayan meyarlara görə bu mükafat gəlmədi. Məni səhv başa düşməyin, Rodri ən yaxşılar arasında olmağa layiq olan böyük oyunçudur. Amma “Vini”nin “Qızıl top”u almaması – bu, biabırçılıqdır, bu gün futbol məğlub oldu.
Yadımdadır, “Vini” demişdi ki, onun arzusu bütün Braziliyanın onu alqışlamasını görmək idi. O gün isə bu gün yetişdi! Sən nəhəngsən və dünyanın ən yaxşısısan, oğlan! Heç bir qənimət bunu dəyişməyəcək. İrəli getməyə davam et və heç vaxt susma! Mən səninləyəm!”.
“Rodriyə qarşı heç bir qərəzim yoxdur, amma…”
Uruqvay yığmasının və “Real”ın yarımmüdafiəçisi Federiko Valverde: “Heç bir mükafat sənin nə qədər yaxşı olduğunu göstərə bilməz. Mən təkcə sənin bir oyunçu kimi keyfiyyətlərin haqqında deyil, həm də meydandan kənarda kim olduğun haqda danışıram. Səni sevirəm, qardaş”.
Braziliya millisinin və “Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa: “Sən sadəcə yalnız biləsən ki, mən, sənin dostun olduğumu söyləməkdən qürur duyuram, sənə heyranam və indiyə qədər qazandığım bütün qələbələrimdən daha çox sənə köklənirəm! Hekayənə və çevrildiyin insana heyranam! İnsanlar başqa cür desələr də, sən ən yaxşısan! Mən səni sevirəm və biz həmişəkindən daha yaxınıq! İrəli və yuxarı!”.
İspaniya yığması: “Bizim üçün sən çoxdan ən yaxşısı idin. İndi isə sən bütün dünya üçün ən yaxşısan. Daha artıq layiq olduğun “Qızıl top” qazandığınız üçün səni təbrik edirik, Rodriqo”.
İspan tennisçi Karlos Alkaras: “Dəlisov Rodri! Heyrətamiz!”.
Fransa yığmasının və “Real”ın keçmiş hücumçusu Kərim Benzema: “Mən “Vini” ilə danışmışam, o pərişandır… bu isə adi haldır. O, “Qızıl top”u qazanmağa layiq idi. Rodriyə qarşı heç bir qərəzim yoxdur, o, yaxşı oyunçudur… amma mən divanda oturub televizora baxıram, Rodri isə səni “Bəh-bəh” deməyə vadar edəcək heç nə etmir”.
Portuqaliya yığmasının və “Real”ın keçmiş cinah hücumçusu Luiş Fiqu: “Qızıl top” bu günə qədər nüfuzlu bir mükafat idi. “Real” mərasimə buyurmayacağı xəbəri məni təəccübləndirəndə oteldə idim. Namizəd olduğunuz zaman qalib gəlmək imkanınız var. İndi sualı səs verənlərə, futbolu nəzəri cəhətdən başa düşən jurnalistlərə ünvanlamaq gərəkdir.
Kimin qalib, kimin məğlub aydın olmalıdır. Bu, qalib olmayanlar üçün məyusluqdur. Mükafatı mən alanda bu barədə əvvəlcədən məlumatım vardı, amma indi səsvermənin nəticələri gizli saxlanılır”.


