Futbol üzrə İspaniya milli komandasının yarımmüdafiəçisi Qonsalo Vilyar İtaliyanın “Roma” klubundan ayrılarq “Qranada”ya keçib.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu İspaniya klubu ilə 4 illik müqaviləyə imza atıb. “Qranada” bu transfer üçün “Roma”ya 1.8 milyon avro ödəyib.
Qonsalo Vilyar 2020-ci ilin yanvarında İspaniyanın “Elçe” klubundan 5 milyon avro qarşılığında “Roma”ya keçmişdi. O, bu komandanın heyətində 64 oyuna çıxıb və cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Joze Mourinyonun gəlişindən sonra “canavarlar”ın heyətində şans qazana bilməyən futbolçu bu üzdən “Sampdoriya” və “Xetafe”də icarədə oynamağq məcburiyyətində qalıb. “Valensiya”nın B komandasında da oynamış futbolçu, İspaniyanın U-19 və U-21 yığmalarında forma geyinib, əsas millidə isə cəmi 1 oyuna çıxıb.
“Qranada” yarımmüdafiəçi Jerar Qumbau və sağ cinah müdafiəçisi Uilson Manafanı da heyətinə qatıb. Onların hər ikisi bu kluba azad agent kimi qoşulublar. “Elçe”dən gələn Qumbau La Liqa təmsilçisi ilə 1 illik, “Portu”dan ayrılan Manafa isə 2 illik müqaviləyə imza atıb.
“Roma”nın sol cinah müdafiəçisi Matias Vinya da “Sassuolo”ya keçib. “Sassuolo” 25 yaşlı futbolçunu satınalma şərti ilə qarşıdakı mövsümün sonuna kimi icarəyə götürüb.
Daha öncə “Nasyonal” və “Palmeyras”da oynamış uruqvaylı futbolçu 2021-ci ildə 13 milyon avro qarşılığında keçdiyi “Roma”da 44 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsümü də “Bornmut”da icarədə keçirib. Müdafiəçi Uruqvay yığmasında da 30 matça çıxıb.
“Sassuolo” Rojerionu “Volfsburq”a satdı
Vinyanı heyətinə qatan “Sassuolo” öz sol cinah müdafiəçisi Marko Salanı da “Komo”ya satıb. 24 yaşlı italyan futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. “İnter”in yetirməsi 2019-cu ildən “Sassuolo”da olsa da, əsas heyət üzvünə çevrilə bilməyib. Bu üzdən də İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış müdafiəçi “Arezzo”, “Virtus Entella”, SPAL, “Krotone” və “Palermo” kimi klublarda icarədə olub.
“Sassuolo” sağ cinah yarımmüdafiəçisi Luka D’Andreanı isə “Katanzaro”ya icarəyə verib. 18 yaşlı vinger qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. SPAL-ın yetirməsi ötən ilin yanvarında müqavilə imzaladığı “Sassuolo”nun heyətində 5 oyuna çıxıb, 1 assistlə yadda qalıb.
“Sassuolo”nun hücumçusu Luka Moro da icarə əsasında “Spetsiya”ya keçib. 22 yaşlı italyan forvard da bir mövsümlük icarəyə verilib. “Sassuolo”ya “Padova”dan gələn futbolçu bu komandada forma şansı qazanmayıb. O, əvvəlki mövsümlərdə “Kataniya” və “Frozinone”də də icarədə olub, İtaliyanın U-21 yığmasında oynayıb.
“Sassuolo” müdafiəçisi Rojerio Oliveyra da Silvanı da Almaniyanın “Volfsburq” klubuna satıb. A Seriyası təmsilçisi bu satışdan 5,5 milyon avro qazanıb. 25 yaşlı braziliyalı Bundesliqa klubu ilə 4 illik müqavilə bağlayıb.
Rojerio “Sassuolo”ya 2019-cu ilin yayında 6.95 milyon avro qarşılığında “Yuventus”dan keçmişdi. Sol cinah müdafiəçisi bu komandada 156 oyun keçirib, 2 qol və 9 assistlə yadda qalıb.
“Volfsburq” da polşalı hücumçusu Bartoş Byaleki icarəyə verib. 21 yaşlı futbolçu ötən mövsümdə də “Vitess”də icarədə oynayıb. Polşanın gənclərdən ibarət yığmasının üzvü 2020-ci ildə 5 milyon avro qarşılığında üz tutduğu “Volfsburq”da 36 oyuna cəmi 2 qol vurub.


