Qoran Pandev futbolçu karyerasını bitirdi

Futbol üzrə Şimali Makedoniya yığmasının sabiq hücumçusu Qoran Pandev futbolçu karyerasını başa vurub. Arena.az xəbər verir ki, təcrübəli forvard 39 yaşında futboldan getməyə qərar verib.

Pandevin sonuncu iş yeri “Parma” olub. O, bu ilin fevralında “Cenoa”dan ayrılaraq sözügedən klubla müqavilə bağlamışdı. Lakin iyul ayında “Parma”dan azad agent kimi ayrılan futbolçu klubsuz idi.

Qoran Pandev peşəkar karyerasına “Belaşitsa”da başlayıb. 2001-ci ildə onu bu klubdan Milan “İnter”i transfer edib. Amma həmin vaxt İtaliya nəhəngində debüt edə bilməyən futbolçu, “Spetsiya” və “Ankona”da icarədə oynamaq məcburiyyətində qalıb. 2004-cü ildə isə A Seriyasının digər təmsilçisi “Latsio” onu “İnter”dən transfer edib. Paytaxt klubundakı çıxışı uğurlu alınan Pandev, 2009-cu ildə yenidən “İnter”ə qayıdıb. 2001/12 mövsümünü “Napoli”də icarədə keçirən forvard, 2012-ci ildə növbəti dəfə “İnter”dən ayrılıb və Neapol təmsilçisi ilə müqavilə bağlayıb. 2014/15 mövsümünü Türkiyənin “Qalatasaray” klubunda keçirmiş futbolçu, 2015-ci ildən bu ilin əvvəlinə kimi “Cenoa”da oynyıb. “Parma” da daxil olmaqla bu klubların heyətində bütövlükdə 659 oyuna çıxmış Qoran, 145 qol vurub. O, Şimali Makedoniya yığmasında 122 oyuna çıxıb, 38 qola imza atıb.