Qoran Pandev milli karyerasını başa vurdu

Şimali Makedoniya yığmasının hücumçusu Qoran Pandev milli karyerasını başa vurub. Arena.az xəbər verir ki, 37 yaşlı hücumçu ötən gün AÇ-2020 çərçivəsində baş tutan Niderlandla matçda sonuncu dəfə millinin formasını geyinib.

Yığmanın qrup mərhələsindəki sonuncu matçının start heyətində meydana çıxan futbolçu, 69-cu dəqiqədə əvəzlənib. Həmin anda bütün stadion, komanda yoldaşları, hətta rəqib oyunçular belə təcrübəli futbolçunu alqışlarla yola salıb.

Yığmanın kapitanı bu barədə düşüncələrini də bölüşüb: “Milli ilə son oyunum idi. Düşünürəm ki, yığmaya vida etmək üçün ən uyğun vaxtdır. Belə bir möhtəşəm turnirdə iştirak etdiyim üçün xoşbəxtəm. Təkcə mənim deyil, hər kəsin xəyalı gerçəkləşdi”.

Qeyd edək ki, Şimali Makedoniya yığması tarixində ilk dəfə Avropa çempionatında iştirak hüququ qazanmışdı. AÇ-2020-nin C qrupunda Ukrayna, Niderland və Avstriya ilə mübarizə aparan bu komanda 0 xalla sonuncu olub və turnirlə erkən vidalaşıb.

Pandev AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Avstriyaya qarşı keçirdikləri oyunda (1:3) qol vuraraq, Avropa çempionatları tarixində fərqlənən ikinci ən yaşlı futbolçu olmuşdu.

Hazırda İtaliyanın “Cenoa” klubunun formasını geyinən təcrübəli hücumçu, milli komandada 122 oyuna çıxıb, 38 qola imza atıb. O, peşəkar karyerası ərzində “Belaşitsa”, “İnter”, “Spetsiya”, “Ankona”, “Latsio”, “Napoli” və “Qalatasaray”ın da uğurları üçün çalışıb.