Futbol üzrə İngiltərə Premyer Liqasında yeni mövsümə uğursuz start vermiş “Vest Hem”də baş məşqçi Qrem Potter istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə “çəkicdöyənlər”in rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, “Vest Hem” Premyer Liqanın 2025/2026-cı illər mövsümündə keçirdiyi 5 oyunda cəmi 1 qələbə qazanıb, 4 məğlubiyyətə üzülüb. Komanda 3 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.
Klub rəhbərliyi baş məşqçi postuna əsas namizəd olaraq, hazırda “Börnli”nin sükanı arxasında olan ingilis müəxəssis Skott Parkeri baxışdan keçirir.
Qrem Potter 2025-ci ilin yanvar ayında “Vest Hem”ə baş məşqçi təyin edilmişdi. Həmin vaxt 50 yaşlı mütəxəssislə 2,5 illik (2026/2027-ci illər mövsümünün sonunadək) müqavilə imzalanmışdı. “Çəkicdöyənlər” ingilis məşqçinin rəhbərliyi altında 25 oyuna çıxıblar. Komanda bu görüşlərdə cəmi 6 qələbə, 5 heç-heçə görüb, 14 məğlubiyyətə üzülüb.
Qrem Potter məşqçilik fəaliyyətinə 2008-ci ildə “Lids Karnegi”də başlayıb. Ardınca ingilis mütəxəssis “Östersund”, “Suonsi Siti” və “Brayton”u çalışdırıb. Potterin məşqçilik fəaliyyətinin zirvəsi isə 2022-ci ilin sentyabrında qəbul etdiyi “Çelsi” ilə əməkdaşlığa təsadüf edir. Potter “zadəganlar”ın sükanı arxasında 2023-cü ilin aprelinə qədər çalışıb. “Çelsi” Potterin rəhbərliyi altında 31 oyuna 12 qələbə, 8 heç-heçə və 11 məğlubiyyət yaşayıb. Potterin məşqçilik qənimətləri rəfində “Östersund”la qazandığı İsveç kuboku var.


