Qrizmann, Horvat və Orban – Həftənin ən yaxşıları!

İspaniyanın “Atletiko” klubunun hücumçusu Antuan Qrizmann UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə qitənin ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xatırladaq ki, Antuan Qrizmann Şotlandiya “Seltik”i ilə ev oyununda dubla imza atmışdı. Madrid təmsilçisi isə bu oyunda rəqibini 6:0 hesabıyla məğlub etmişdi.

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına Rodriqo (“Real”, İspaniya), Erlinq Haland (“Mançester Siti”, İngiltərə) və Bukayo Saka (“Arsenal”, İngiltərə) da namizəd idilər.

Avropa Liqasında və Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçuları məlum olub.

Avropa Liqasında Avstriyanın LASK klubunun yarımmüdafiəçisi Saşa Horvat ən yaxşı elan edilib. Avstriyadan olan 27 yaşlı futbolçu həftənin oyunçusu adına digər namizədləri – Pedro Qonçalvesi (“Sportinq”, Portuqaliya), Maksimilian Eggeştaynı (“Frayburq”, Almaniya) və Kristian Erikseni (“Molde”, Norveç) geridə qoymağı bacarıb.

Xatırladaq ki, Saşa Horvat Belçika “Yunion”una 3:0 hesabıyla qalib gəldikləri ev oyununda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Avropa Konfrans Liqasında da Belçikanın “Gent” klubunun gənc hücumçusu Gift Orban həftənin oyunçusu seçilib. Bu ada Ceyson Svanthorsson (“Breydablik”, İslandiya), Dor Perets (“Makkabi”, Təl-Əviv, İsrail) və Faris Mumbaqna (“Bodo Qlimt”, Norveç) da namizəd idi. Amma Orban onları geridə qoymağı bacarıb.

Xatırladaq ki, Gift Orban “Breydablik”ə səfərdə 3:2 hesabıyla qalib gəldikləri matçda het-trikə imza atmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: