İtaliyanın “Cenoa” klubunun islandiyalı hücumçusu Albert Qudmundsson bundan sonra “Fiorentina”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Florensiya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Fiorentina” 27 yaşlı futbolçunu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Hücumçunun “Cenoa” ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Albert Qudmundsson “Reykyavik”in yetirməsidir. Niderlandın “Herenven” və PSV klublarının da futbol akademiyalarından keçmiş futbolçu, peşəkar karyerasına elə Eyndhoven təmsilçisində başlayıb. Niderlandda “Alkmar”ın da şərəfini qorumuş hücumçu 2022-ci ildən “Cenoa”da çıxış edirdi. O, İtaliya klubunun heyətində 87 oyuna 31 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.
İslandiyanın U-17, U-19 və U-21 yığmalarında da oynamış Qudmundsson 2017-ci ilin 10 yanvarında əsas millidə debüt edib. O, əsas millinin heyətində meydana çıxdığı 36 oyunda 10 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
Albert Qudmundsson “Fiorentina”ya göndərən “Cenoa” da “Sassuolo”nun hücumçusu Andrea Pinamontini icarəyə götürüb. 25 yaşlı italiyalı futbolçu da qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. Andreanın da “Sassuolo” ilə 2027-ci ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.
Andrea Pinamonti “Kyevo” və Milan “İnter”inin yetirməsidir. O, “Frozinone” və “Empoli”də də çıxış edib. 2019-2020-ci illərdə “Cenoa”da da oynamış futbolçu bu komandanın heyətində 34 oyuna çıxıb, 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında onamış Pinamonti, əsas millidə də 1 oyun keçirib.


