Quldurlar Serxio Ramosun evini oyun günü qarət ediblər

“Sevilya”nın mərkəz müdafiəçisi Serxio Ramosun evi futbolçu oyunda ikən quldurlar tərəfindən qarət edilib.

Arena.az bu barədə ABC telekanalına istinadən məlumat verir.

Cinayət sentyabrın 20-də UEFA Çempionlar Liqasının 1-ci turu çərçivəsində keçirilmiş “Sevilya” – “Lans” oyunu (1:1) günü, Ramos meydanda iş başında ikən törədilib.

Mənbənin məlumatına görə, oğurluq zamanı evdə Ramosun dörd övladı və iki tərbiyəçi olub. Serxio Ramosun həyat yoldaşı isə bu zaman işdə olub. İlkin versiyaya görə, Sevilyada şəhərkənarı məkanda yerləşən evin diqqətçəkici olduğu üçün hədəfə alındığı ehtimalı edilir. Hadisənin digər təfərrüatı haqda məlumat verilmir. Hadisə nəticəsində Ramosun uşaqları və tərbiyəçilər xəsarət almayılar.

Baş vermiş cinayət geniş əks-səda doğurub və pislənib. Hazırda hüquq-mühafizə orqanları təhqiqat aparırlar. Ramosun ailəsinin hazırda təhlükəsizlikdə olduğu vurğulanır.

Xatırladaq ki, təcrübəli futbolçu 18 ildən sonra doğma klubuna qayıdıb. Müdafiəçi 2005-ci ildə məhz “Sevilya”dan “Real”a keçmişdi. Veteran Ramos bu ilin iyununda PSJ-dən ayrıldıqdan sonra azad agent statusunda idi. Müdafiəçi doğma klubuna qayıdışı üçün maaşında ciddi azalmaya belə, razılaşıb və “Sevilya” ilə müddəti 2023/2024 mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Serxio Ramos 2005-ci ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 180 oyun keçirib, 23 qol vurub, 8 məhsuldar ötürmə verib. Ramos İspaniya yığması ilə DÇ-2010-da, AÇ-2008-də və AÇ-2012-də qalib olub. Müdafiəçi həmçinin İspaniyanın U-19 yığması ilə AÇ-2004-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı Serxio Ramosu 4,50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: