Futbol üzrə İtaliya millisinin və İngiltərənin “Tottenhem” klubunun qapıçısı Qulyelmo Vikario bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Turin təmsilçisi 29 yaşlı qolkiperi 2027-ci ilin 30 iyununadək satınalma şərti ilə icarəyə götürüb.
Xatırladaq ki, “Tottenhem” Qulyelmo Vikarionu 2023-cü ilin yayında İtaliyanın “Empoli” klubundan 18,5 milyon avroya transfer etmişdi. O, London klubunun heyətində 117 matçda meydana çıxıb, 170 qol buraxıb, 29 matçda qapısını toxunulmaz saxlayıb.
Vikarionun “Tottenhem”lə 2028-ci ilin 30 iyununa qədər müqaviləsi var.
Qulyelmo Vikario daha öncə “Empoli”, “Kalyari”, “Peruca”, “Venesiya”, “Udineze” kimi klublarda da çıxış edib.
Vikario ilk dəfə 2022-ci ilin sentyabrın ayında dəvət aldığı İtaliya yığmasında 2024-cü ilin martında debüt edib. O, yığmanın heyətində meydana çıxdığı 5 oyunda 4 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı Qulyelmo Vikarionu 18 milyon avro məbləğində qiymətləndirir.


