“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 3-cü raundunda Kiyev “Dinamo”suna qarşı keçirəcəkləri oyundan danışıb.
Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna komandaları arasında Polşada keçirilmiş ilk görüşdə Kiyev təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.
Cavab qarşılaşması isə sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qurban Qurbanov matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“İlk növbədə yaxşı oyun və gözəl qalibiyyət münasibətilə “Sabah” klubunu təbrik edirəm. Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək böyük nailiyyətdir. Həmin raundda da onlara uğurlar arzulayıram.
Bizə gəlincə, cavab oyununa yaxşı hazırlaşmaq üçün bir neçə gün vaxtımız oldu. Bundan səmərəli istifadə etdik. Ümumi hesabda geridə olsaq da, baxımlı oyunla yaxşı nəticə qazanmağa çalışacağıq. İnanıram ki, futbolçular sona kimi matça tam köklənə biləcəklər. Qarşımızda yaxşı müdafiə olunan rəqib var. Buna rəğmən, futbolçularımızın uğurlu nəticə üçün ən yaxşısını edəcəklərinə inanıram”.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” oyununa saat 20:00-da start veriləcək.


