Qurban Qurbanov: “Belə çətin dönəmlərimiz çox olub”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-offunda “Tvente”yə qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Azərbaycan və Niderland komandaları arasındakı ilk oyun sabah səfərdə baş tutacaq.

Qurban Qurbanov səfərdən öncə Bakıda təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çox vacib səfərə çıxırıq. Köhnə tanış komandaya qarşı oynayacağıq. Çox yaxşı stadionda, yaxşıı azarkeş dəstəyi olan rəqibə qarşı oynayacağıq. İlk xoş xatirələrimiz həmin stadiondadır. İnanıram ki, futbolçular yenə də yaxşı nəticə üçün çalışacaqlar. Problemlərimiz var. Hazırlaşmğa bir o qədər vaxtımız olmadı. Fikrimiz çempionat oyununa yönəlmişdi. Futbolçuların hamısı birlikdə normal məşq edə bilmədi. Bu gün komandanın istirahət günü idi. Futbolçuların istirahətinə vaxt lazım idi. Sağ-salamat çataq, sabah səhər məşqimiz var. O məşqdə komandanı oyuna tam hazırlamağa çalışacağıq. Problemləri nəzərə almasaq, fikrimizi tam oyuna kökləmişik. İnanıram ki, futbolçuların təcrübəsi özlərini düzgün idarə etməyə yetəcək.

Bu cür dönəmlərimiz çox olub. Buna çətinlik deməzdim. Bu, futbolun bir hissəsidir. Avropada oynamaqdan vaz keçmək istəmirik. Avrokubokları çempionata qurban vermək fikrində də deyilik. Avrokuboklar tam başqa səviyyədir. Konfrans Liqası olsa belə… Bizim üçün orada o qədər tanınmış, keyfiyyətli klublar var. Biz oradan əl çəkmək istəmirik. Yeni gələn oyunçularımız var və onların o turnirdə adaptasiya şansları var. Hər birinin buna ehtiyacı var. Yeni gələnlərə baxıram, hazırlığına fikir verirəm, o turnirlər başqadır. Futbolçular o turnirlərdə böyüyürlər. Çempionatda hansısa çətinliklərimiz ola bilər. Amma biz bu dönəmi keçməliyik. İnsan, klub çətin dönəmdə böyüyür. Klublar böyük hesablı məğlubiyyətlərdən sonra böyüyür. Biz buna hazır olmalıyıq, bunun üzərinə gedirik. Konfrans Liqasının əsas mərhələsinə düşməyə şansımız var, buna yox demirik. Daha ciddi hazırlaşırıq. Çətinliklərə gəldikdə, bundan da gərgin dönəmlərimiz olub. İllər əvvəl o qədər olub ki, narazılıqlar, söz-söhbətlər, çempionsuzluqlar, kuboksuzluqlar… Pillə-pillə irəliləmişik. Bu cür durumları gələcəyimiz üçün faydalı hesab edirəm”.

“Mən pozitiv düşünürəm” – Qurban Qurbanov

Qurban Qurbanov əvvəlki “Tvente” ilə indiki arasında müqayisə də aparıb:

“Bəlkə biz o dönəmdə indikindən daha yaxşı idik. Oyunçuların zədəli olduqlarına görə belə fikir deyirəm. O dönəmdə daha hazırlıqlı idik. Daha çox istəkli idik. Amma “Tvente” bu gün çox kombinassialı futbol oynayır. O vaxtı təcrübəlilər daha çox idi, indi dinamik oyunçular daha çoxdur. Topla, sürətli futbol oynayırlar. Diqqətimi çox cəlb etdi. Maraqlı oyun alınacaq. Çalışacağıq ki, gözəl, maraqlı futbol olsun. Hər dönəmin öz tələbləri var. Kim möhkəm dayanırsa, o da qalib gəlir. O komandada o məşqçi çox istəklidir, biz də. Meydana çıxan futbolçularımızın üzərinə çox məsuliyyət düşəcək”.

Qurban Qurbanov Elvin Cəfərquliyevin zədə alması, Abdullah Zubirin komandadan ayrılmasına da toxunub:

“Nadir hallarda belə bir-birini tamamlayan futbolçular olur. Elə epizod yox idi ki, onlar bir-birini başa düşməsinlər. Mütləq dəyişikliklər olacaq. Ola bilər ki, başqa üstün cəhətlərimiz üzə çıxsın. Bizim başqa kombinassiyalarımız ola bilər. Mən solda sağ ayaqlı futbolçu istəyirəm. Hazırda belə oyunçumuz Renaldo Sefasdır. Çempionatda onu oynatdıq. Amma “Tvente” ilə görüşdə oynayıb-oynamayacağını bilmirik. Sağlamlığı tam bəlli deyil. Oynamamaq ehtimalı da çoxdur. Belə olarsa, əlavə ciddi problem çıxa bilər. O mövqeyə bir oyunçu yenə istəyirik. Axtarışlarımız gedir. Görək də. Bəzən olur ki, məşqçi öz istədiyi sistemi, daha çox istədiyi oyunçuları yığır. Hansısa bir dönəmdə alınmayanda, başqa bir şey düşünürük. İnanıram ki, bunu da yoluna qoyacağıq.

Təzyiq həmişə var. Belə böyük oyunlardan qabaq futbolçularda, məndə, rəhbərlikdə təzyiq həmişə olur. Son vaxtlarda azarkeşimiz o qədər çoxalıb ki, bizdən tələblər də çoxalır. Bizi yenə də o arenalarda görmək istəyirlər. “Vestri” ilə oyundan sonra da demişdim ki, ÇL-in ab-havası var idi. Həmişə gərginlik var. Bu da normal haldır. Təcrübə gərginliyi rahat və tez aradan qaldırır. Yeni oyunçularımız var və onlar ikiqat gərgindirlər, həyəcanlıdırlar. Çünki onlar bura gələndə bu atmosferi hiss etmirdilər. Bura gəldikdən sonra onlardan bu qədər tələbimizi gözləmirdilər. Ona görə futbolçularda bir az həyəcan var. Hamısı bunu yaxşı anlayaraq qəbul edirlər. Bəzi futbolçularımız öz formasından uzaqdır. Amma mən pozitiv düşünürəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: