Qurban Qurbanov: “Builki avrokubok oyunları yaxşı təcrübə oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsində “Elfsborq”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Avroliqanın Liqa mərhələsinin 6-cı turunda İsveç təmsilçisi ilə qarşılaşan Ağdam klubu yekunda 0:1 hesablı məğlubiyyətə üzülüb.

Komandamızın baş məşqçisi matçdan sonra baş tutan mətbuat konfransında görüş barədə fikirlərini bildirib:

“Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Təəssüf ki, məğlub olduq. Halbuki bura qələbə qazanmaq üçün gəlmişdik. Futbolçularım sona kimi mübarizə apardılar. Sadəcə, futbol səhvlər üzərində qurulub. Ani diqqətsizlik nəticəsində qapımızda qol gördük. İstənilən halda futbolçularıma təşəkkürümü bildirirəm. Bu il çox əziyyət çəkdilər. Daha da böyümək üçün irəli baxmalıyıq. Builki avrokubok oyunları yaxşı təcrübə oldu”.

Qurban Qurbanov qış transfer dönəmində heyətə yeni oyunçu cəlb etməyə çalışacaqlarını deyib: “Hər il komandaya yeni oyunçular cəlb etməyə çalışırıq. Ancaq bu o demək deyil ki, əlimizdəki futbolçuları göndərməyi düşünürük. Yeni oyunçu axtarışındayıq. Transfer dönəmində bir neçə yenilik etmək istəyirik. Bu da gedişatdan asılıdır”.

“Elfsborq”un baş məşqçisi Oskar Hilyemark da qarşılaşmadan sonra fikirlərini paylaşıb:

“İlk hissədə çoxlu texniki səhvlər etdik. Amma bütün çətinliklərə rəğmən, qələbə qazandığımız üçün xoşbəxtik. Komandamla fəxr edirəm. Meydan son dərəcə sürüşkən idi. Bu, Milad bayramından əvvəl çox gözəl və vacib qalibiyyət idi. Qələbə əldə etməsəydik, növbəti mərhələ şansımız azalacaqdı. Düşünürəm ki, nəhəng klublara qarşı da yüksək səviyyədə çıxış edə bilərik”.

Xəbəri sosial şəbəkələrdə paylaş: