Futbol üzrə Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro DÇ-2026-nın 1/16 finalında Almaniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, penaltilər seriyasında qazandıqları tarixi qələbədən (1:1, penaltilər 4:3) sonra komandasının əzmkarlığını yüksək qiymətləndirib.
Mütəxəssis hesabı bərabərləşdirən qolun komandasının əks-hücumundan sonra buraxıldığını bildirib:
“Təəssüf ki, cavab qolu əslində bizim hücumumuzdan sonra gəldi. İki futbolçumuz əks-hücuma çıxmışdı, amma top başqa istiqamətə yönəldi və həmin epizodun davamında edilən ötürmədən sonra rəqib hesabı bərabərləşdirdi”.
Qustavo Alfaro futbolçularının matçın sonuna qədər böyük fədakarlıq göstərdiyini vurğulayıb:
“Onlar sona qədər dözdülər. Ləğv edilən qoldan sonra da gərginlik böyük idi. Alman futbolçularının fiziki üstünlüyünə qarşı oynamaq asan deyildi. Xoşbəxtlikdən uşaqlar bunun öhdəsindən gəldilər”.
Baş məşqçi Paraqvayın qələbələrinin heç vaxt asan başa gəlmədiyini deyib:
“Biz əzab çəkmədən qalib gəlməyi bacarmırıq. Elə bildik ki, hər şey bitib, amma qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasında altıncı zərbəyə qədər gözləməli olduq. İnsanlar bu nəticənin bizə necə böyük əziyyət hesabına başa gəldiyini yaxşı bilirlər”.
Qustavo Alfaro qələbəni Paraqvay xalqına həsr etdiyini də bildirib:
“Bu qələbəni bütün paraqvaylılara həsr edirik. Onların bizi ürəkdən dəstəklədiyini bilirdik və bunu meydanda hiss edirdik. Almaniya dünya çempionluğuna namizədlərdən biridir. Belə rəqibə qarşı oynamaq çox çətin idi. Futbolçularım imkanlarının son həddinə qədər mübarizə apardılar. İsti hava da işimizi daha da çətinləşdirirdi. Daim müdafiəyə qayıtdıqdan sonra hücuma çıxmağa bəzən güc qalmırdı”.
Nagelsmann istefa haqda düşünmür
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman isə mundialla erkən vidalaşmasına baxmayaraq, istefa vermək niyyətində olmadığını açıqlayıb:
“Mən Almaniya millisini Avropa çempionatına və UEFA Millətlər Liqasına hazırlamaq istəyirəm. Amma rəhbərlik mənə ehtiyac olmadığını düşünərsə, bunu müzakirə etməliyik”.
Nagelsman komandasının oyuna gec qoşulduğunu etiraf edib:
“Çox gec oyandıq. Matçın gedişində daha sərt oynamağa başladıq və daha çox təhlükəli vəziyyət yaratdıq. Oyuna nəzarət edirdik, amma həlledici gücümüz çatmadı”.
Almaniyalı mütəxəssis Conatan Tanın ləğv edilən qoluna görə hakimlərin qərarını da tənqid edib:
“Qolumuzun sayılmaması sadəcə gülüncdür. Amma sonda etiraf etməliyik ki, bu, növbəti mərhələyə yüksəlmək üçün kifayət etmədi. Çox məyusam. Çünki çox yaxşı kollektivimiz var idi və hazırlıq prosesində hər şey müsbət görünürdü. Heç kim qəsdən pis oynamır. Həm stadiondakı, həm də ekran qarşısındakı azarkeşlərimizə görə çox üzülürəm”.


