Qvardiola “Barselona”nın çıxışını qiymətləndirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola alman mütəxəssis Hans-Diter Flikin çalışdırdığı “Barselona”nı qiymətləndirib.

Arena.az məlumat verir ki, ispan mütəxəssis hazırkı “Barselona”nı son illərin ən güclü “blauqrana”larından biri hesab edir:

“Bəlkə də indiki “Barselona” son illərdə ən güclülərdən biridir. Komanda müstəsna surətdə çıxış edir və yalnız keçmiş “Barselona”nın ən yaxşı versiyaları ilə müqayisə edilməyə layiqdir”, – “Barça Universal” dərgisi “Pep”dən sitat gətirir.

Xatırladaq ki, Hans-Diter Flikin 2024-cü ilin yayında sükanı arxasına keçdiyi “Barselona” o vaxtdan bəri tərəqqi edərək, baxımlı hücum futbolu sərgiləyən və nəticə əldə etməyi bacaran komandaya çevrilib.

Hazırda “Hansi” Flikin “blauqrana”sı 23 oyundan 48 xalla İspaniya La Liqasının yarış cədəvlinin 3-cü pilləsində qərarlaşıb.

Onu da xatırladaq ki, Xosep Qvardiola məşqçilik karyerasının ilk uğurlarını vaxtilə məhz “Barselona”ya rəhbərlik etdiyi dönəmdə qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: