Qvardiola İtaliya millisindən imtina etdi, əsas namizəd Pirlodur

Tanınmış ispaniyalı futbol mütəxəssisi Xosep Qvardiola İtaliya milli komandasının baş məşqçisi olmaq təklifini qəbul etməyib.

Arena.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 55 yaşlı çalışdırıcının qərarı şəxsi səbəblərlə bağlıdır. Nəticədə İtaliya Futbol Federasiyası baş məşqçi postu üçün diqqətini Andrea Pirloya yönəldib.

Nəşrin məlumatına əsasən, dünya çempionu yaxın vaxtlarda İtaliya millisi ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq.

47 yaşlı Pirlo 2025-ci ilin yayından BƏƏ-nin “Dubay Yunayted” komandasını çalışdırır. O, məşqçilik karyerası ərzində “Fatih Karagümrük”, “Yuventus” və “Sampdoriya”ya da rəhbərlik edib. Pirlonun rəhbərliyi altında “Yuventus” 2020-ci ildə İtaliya Super Kubokunu, 2021-ci ildə isə İtaliya Kubokunu qazanıb.

Futbolçu kimi Pirlo “Breşiya”, “İnter”, “Reccina”, “Milan”, “Yuventus” və “Nyu-York Siti”nin formasını geyinib. O, altı dəfə İtaliya çempionu, iki dəfə İtaliya Kubokunun, üç dəfə İtaliya Super Kubokunun qalibi olub. Bundan başqa, iki dəfə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya çempionatını qazanıb.

Pirlo İtaliya millisinin heyətində 2006-cı ildə dünya çempionu olub, 2012-ci ildə Avropa çempionatının gümüş, 2013-cü ildə isə Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.

Qvardiola isə son olaraq İngiltərənin “Mançester Siti” komandasına rəhbərlik edib. Əvvəllər “Barselona” və “Bayern”də də uğurlu nəticələrə imza atmış təcrübəli mütəxəssis Mançester nəhəngindən bu yay ayrılıb və istirahətə ehtiyacı olduğunu bildirir.

Qeyd edək ki, İtaliya millisi ardıcıl üç dünya çempionatının final mərhələsindən kənarda qalıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: