“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiola yaxın gələcəkdə başqa futbol klubuna rəhbərlik etməsinin çətin olacağını bildirib.
Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis ötən mövsümün sonunda “Mançester Siti”dən ayrılıb.
Qvardiola 10 il ərzində çalışdığı klubdan ayrıldıqdan sonra futboldan bir qədər uzaq qalmaq və şəxsi həyatına daha çox vaxt ayırmaq istədiyini söyləyib:
“Düzünü desəm, özüm də bilmirəm nə ilə məşğul olacağam. Amma əminəm ki, geri qayıtmaq… Çətin olacaq. Bu gün belə hiss edirəm. Geri qayıtmaq çətin olacaq”.
Təcrübəli məşqçi peşəkar fəaliyyətə ara verməyə ehtiyacı olduğunu vurğulayıb:
“Şəxsi həyatımda baş verən bir çox şeyi yenidən xatırlamalıyam. Peşə baxımından isə müxtəlif işlərlə məşğul olaraq bir müddət özümlə tək qalmalıyam”.
“Pep” futboldan kənar sadə həyatın dadını çıxarmaq istədiyini də qeyd edib:
“Həyat yalnız futboldan ibarət deyil, elə deyilmi? Səhər saat 10-a qədər yatmaq, kafeyə getmək, iki gün istirahət etmək, gəzmək… Oxumağa, seriallara baxmağa və səyahət etməyə vaxtım olmayıb”, – deyə o əlavə edib.
Xatırladaq ki, Qvardiola “Mançester Siti”də çalışdığı 10 il ərzində çoxsaylı titullar qazanıb və klub tarixinin ən uğurlu məşqçilərindən birinə çevrilib.


